İQTİSADİYYAT
İşğaldan azad olunmuş ərazilərin bərpası üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulan məbləğ açıqlanıb

Bakı, 6 iyun, AZƏRTAC
Yüzillik yubileyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin arzusu reallaşıb. Qarabağ işğaldan azad olunub. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və dövlət sərhədlərinin müəyyən edilməsi məsələsini həyata keçirən Prezident İlham Əliyev yeni hədəflər uğrunda səylərini davam etdirir. Qarşıda dayanan əsas vəzifə sülh sazişinin imzalanması və Böyük Qayıdış Dövlət Proqramının tam şəkildə həyata keçirilməsidir.
AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin iyunun 6-da keçirilən iclasında deyib.
O bildirib ki, cari ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 3 milyard manat vəsait nəzərdə tutulmuşdu. Böyük Qayıdışa dair I Dövlət Proqramı ilə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi 2 milyard 260 milyon manat əlavə vəsaitin cəlb edilməsinə zərurət yaradıb. Artımdan sonra bu xərc 5 milyard 260 milyon manat məbləğində olacaq.