SİYASƏT
İşgəncələrin Qarşısının Alınması üzrə Assosiasiyanın 6-cı tematik seminarı Bakıda keçirilmişdir
Bakı, 29 oktyabr (AZƏRTAC). Avropa Şurasının (AŞ) və Avropa İttifaqının dəstəyi ilə İşgəncələrin Qarşısının Alınması üzrə Assosiasiyanın (APT) 6-cı tematik seminarı Bakıda keçirilmişdir. İkigünlük seminar “Həssas qruplardan olan insanların azadlıqdan məhrumetmə yerlərində müdafiəsi” mövzusuna həsr edilmişdir.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, seminarda Avropa Şurasının İnsan hüquqları və hüquq məsələləri üzrə departamentinin rəhbəri Markus Yager, BMT-nin İşgəncələrin qarşısını almaq üzrə Alt Komitəsinin (SPT) vitse-prezidenti xanım Aişə Şuyun Məhəmməd, Avropa İşgəncələrin qarşısının alınması üzrə (CPT) Komitəsinin üzvü Anton Van Kamtaut və digər nümayəndələr iştirak etmişlər.
Ombudsman Elmira Süleymanova BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə” Konvensiyanın Fakültativ Protokolunun icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 13 yanvar tarixli Sərəncamı ilə milli preventiv mexanizmin (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının müəyyən edildiyini diqqətə çatdırmışdır. Ombudsman BMT-nin adı çəkilən konvensiyasının tələblərinə uyğun olaraq, insan hüquqları üzrə müvəkkilin MPM kimi səlahiyyətlərinin hüquqi baxımdan tənzimləndiyini, ölkəmizdə MPM mexanizminin yaradıldığını vurğulamışdır.
Qeyd edilmişdir ki, AŞ İnsan Hüquqları və Hüquqi Məsələlər Baş direktorluğu və APT tərəfindən təşkil olunan Avropa MPM-lər Şəbəkəsinin üzvü Elmira Süleymanova həmin şəbəkə üzrə əlaqələndirici şəxs qismində təyin olunmuşdur.
Beynəlxalq tədbirdə bu sahədə görülmüş işlər barədə məlumat vermişdir. Ölkədə azadlıqdan məhrum edilmiş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərin saxlanıldığı müəssisələrə müntəzəm baxışlar keçirildiyi vurğulanmışdır. Azərbaycan MPM-nin fəaliyyəti müsbət qiymətləndirmişdir.
Bu sahədə müzakirələr davam etdiriləcəkdir.