DÜNYA
İşıq diodları əti cazibədar edir
Bakı, 21 yanvar (AZƏRTAC). Kanzas Universiteti alimlərinin tədqiqatına görə, gündüz işığı lampalarının işıq diodları ilə əvəz olunması ət sənayesinin hər il milyonlarla dollara qənaət etməsinə imkan verəcəkdir.
Məlum olduğu kimi, işıq diodları az enerji istehlakı sayəsində pula qənaət etməklə yanaşı, həm də vitrində əti daha cazibədar edir, ən başlıcası mal ətindən hazırlanmış bəzi ərzaq məhsullarının saxlanma müddətini uzadır. Vitrinlərdə işıq diodları vasitəsilə işıqlandırmanın köməyi ilə satıcılar istismar xərclərinin azaldılması və təzə ət məhsullarının saxlanması müddətinin uzadılması hesabına xeyli pula qənaət edə bilərlər.
Alimlər diodlu işıq mənbələrini vitrinlərin işıqlandırılması üçün geniş istifadə olunan müasir flüoressent lampalarla müqayisə edirlər. Məlumdur ki, soyuducuda təzə ət kimyəvi tərkibinə görə və oksigenin təsiri altında öz rəngini dəyişir. Ətin rəngi alıcıların seçiminə təsir göstərən çox mühüm amil olduğuna görə satıcılar yaxşı, amma artıq “bozarmış” məhsulun qiymətini aşağı salmalı olurlar. Alimlərin hesablamalarına görə, bu səbəbdən Amerikanın ət sənayesi ildə bir milyard dollaradək vəsait itirir.
Tədqiqat zamanı müxtəlif ət məhsullarını öyrənmişlər. Mütəxəssislər bu soyudulmuş məhsulların əsas keyfiyyətlərini və vitrinlərin iş parametrlərini öyrəndikdən sonra müəyyən etmişlər ki, işıq diodu bütün göstəricilər üzrə yaxşı işləyir. Ola bilsin ki, yaxın gələcəkdə yeni mağazaların vitrinlərində daha gündüz işığı lampaları quraşdırılmayacaq və bu, ticarətdə həm enerjiyə, həm də pula qənaət etməyə imkan verəcəkdir.