İŞKUR-un nümayəndə heyəti DOST Agentliyində olub
Bakı, 5 noyabr, AZƏRTAC
Türkiyə İş Qurumu Baş İdarəsinin (İŞKUR) müdir müavini Samet Güneşin rəhbərlik etdiyi nümayəndə heyəti DOST Agentliyində olub.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, qonaqlara əvvəlcə DOST modeli haqqında ümumi məlumat verilib, mərkəzlərin iş prinsipi izah olunub.
Daha sonra geniş tərkibdə keçirilən görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST konsepsiyası barədə geniş təqdimatla çıxış edərək bildirib ki, rəhbərlik etdiyi qurumun əsas məqsədi sosial təminat və məşğulluq sahəsində vətəndaş məmnunluğunun təmin edilməsidir. Qısa müddət ərzində sosial sahədə brendə çevrilən DOST-un fəaliyyətinin bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi barədə məlumat verilib.
Həmçinin məşğulluq, sosial müdafiə və təminat xidmətləri sahəsində qlobal trendlər, blokçeyn texnologiyalarının bu trendlərə təsiri imkanları, agentlikdə vətəndaşlara göstərilən xidmətlərin, o cümlədən məşğulluq xidmətlərinin həyata keçirilmə prosesləri, insan resurslarının idarə edilməsi və könüllülük proqramları ilə bağlı məsələlər barədə geniş fikir mübadiləsi aparılıb, qonaqların sualları cavablandırılıb.
Qeyd edək ki, İŞKUR Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi (Çalışma və Sosyal Güvenlik Bakanlığı) nəzdində fəaliyyət göstərir. Təşkilatın fəaliyyətinin əsas məqsədi məşğulluğun təmin edilməsi, işsizliyin qarşısının alınması istiqamətində fəaliyyətlərə dəstək olmaq və işsizlik sığortası xidmətlərini həyata keçirməkdir.