ELM VƏ TƏHSİL
İslam Dünyası Universitetləri Federasiyasının prezidenti Bakı Ali Neft Məktəbində olmuşdur
Bakı, 18 mart (AZƏRTAC). Martın 18-də İSESCO-nun baş direktoru, İslam Dünyası Universitetləri Federasiyasının prezidenti doktor Əbdüləziz bin Osman əl-Tüveycri Bakı Ali Neft Məktəbinin (BANM) professor-müəllim və tələbə heyəti ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən BANM-ın rektoru Elmar Qasımov dünya şöhrətli alimin Azərbaycanın ən gənc ali təhsil müəssisəsinə gəlməsindən kollektivin qürur hissi keçirdiyini vurğulamışdır. E.Qasımov qonağı təqdim edərək onun həyat yolu, elmdə əldə etdiyi nailiyyətlər, layiq görüldüyü yüksək mükafatlar, eyni zamanda Azərbaycana olan isti və dost münasibəti, İSESCO və Azərbaycan əlaqələrinin inkişafı istiqamətində fəaliyyəti haqqında məlumat vermişdir.
Sonra Əbdüləziz bin Osman əl-Tüveycri çıxış edərək ölkəmizdə olduğundan məmnunluq hissi keçirdiyini qeyd etmiş və Azərbaycanın sürətli inkişaf yolunda inamla addımladığını vurğulamışdır.
Tədbirdə “İslam Dünyası Universitetləri Federasiya”sı və BANM arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədi ilə “Əməkdaşlıq Protokolu” imzalanmışdır.
Sonda doktor Əbdüləziz bin Osman əl-Tüveycri tələbələrin suallarını cavablandırmışdır.