DÜNYA
İslam Kərimov yenidən Özbəkistan Prezidenti seçilib VİDEO
Daşkənd, 30 mart, AZƏRTAC
Martın 29-da Özbəkistanda keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı İslam Kərimov qalib gəlib.
Bu haqda seçkilərin ilkin yekunları ilə bağlı Daşkənddə keçirilən brifinqdə Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdusalamov məlumat verib.
O bildirib ki, seçkilərdə Sahibkarlar və İşgüzar Adamlar Hərəkatı - Liberal-Demokratik Partiyasından hazırkı dövlət başçısı İslam Kərimov 17 milyon 122 min 577 seçicinin səsini qazanıb ki, bu da 90.39 faiz deməkdir. Digər namizədlər - “Milli Dirçəliş” Demokratik Partiyasından Akmal Saidov 3.08, Özbəkistan Xalq-Demokratik Partiyasından Xotamjon Ketmanov 2.92 və “Ədalət” Sosial- Demokrat Partiyasından Narimon Umarov 2.05 faiz səs toplayıb.
Komissiya sədri deyib ki, seçkiləri dünyanın 43 ölkəsindən və beş beynəlxalq təşkilatdan gəlmiş 300-dən artıq müşahidəçi izləyib. Seçkilər şəffaf və demokratik şəraitdə keçib, qanun pozuntusu qeydə alınmayıb.
Seçkilərin nəticələri 10 gün müddətində elan olunacaq.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərliyi ilə nümayəndə heyəti seçkiləri Səmərqənd şəhərində izləyib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd