RƏSMİ XRONİKA
İSLAM SÜLH, DÖZÜMLÜLÜK DİNİDİR, ONU TERRORİZMLƏ EYNİLƏŞDİRMƏK YOLVERİLMƏZDİR
BAKIDA İSLAM KONFRANSI TƏŞKİLATININ ÜZVÜ OLAN ÖLKƏLƏRİN XARİCİ İŞLƏR NAZİRLƏRİ ŞURASININ 33-CÜ SESSİYASI İŞƏ BAŞLAMIŞDIR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV SESSİYADA İŞTİRAK ETMİŞDİR
İyunun 19-da Bakıda, “Gülüstan” sarayında İslam Konfransı Təşkilatının (İKT) üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyası işə başlamışdır.
Azərbaycan Prezidenti İlham Əliyev sessiyada iştirak etmişdir.
Sessiyanın açılışından əvvəl müqəddəs Qurani-Kərimdən ayə oxundu.
Şuranın 32-ci sessiyasına sədrlik etmiş Yəmənin xarici işlər naziri Əbubəkr Abdulla əl-Qirbi sessiyanı açaraq, Azərbaycan Prezidentini və iştirakçıları salamladı, bu tədbirin yüksək səviyyədə təşkil olunmasına görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirdi. O, sessiyanın gündəliyi barədə məlumat verərək dedi ki, üç gün davam edəcək sessiyanın işində 57 ölkənin nümayəndələri iştirak edirlər. Sessiyanın sonunda Bakı Bəyannaməsi qəbul olunacaqdır.
Azərbaycan Prezidenti İlham Əliyev sessiyada nitq söylədi.