DÜNYA
İslamabadda Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfə qarşı sui-qəsd hazırlanmışdır
İslamabad, 3 aprel (AZƏRTAC). Aprelin 3-də İslamabadda Pakistanın sabiq prezidenti, general Pərviz Müşərrəf Ravalpindi şəhərindəki hərbi hospitaldan qayıdarkən onun kortejinin keçdiyi yolda güclü partlayış baş vermişdir.
Verilən məlumata görə, sui-qəsd eks-prezidenti öldürmək üçün törədilmişdir. Partlayış generalın korteji körpünü keçdikdən sonra baş vermişdir. Eks-prezident sağ-salamat İslamabad yaxınlığındakı iqamətgahına gedib çatmışdır.
Hüquq mühafizə orqanlarının verdiyi məlumata görə, partlayış 4-6 kiloqram trotil gücündə olmuşdur.
Xatırladaq ki, Pərviz Müşərrəf dövlətə xəyanət və daha dörd cinayət törətməkdə ittiham edilir.
Pakistan hüquq mühafizə orqanlarının məlumatına görə, 2001-ci ildən 2008-ci ilədək Pakistanın prezidenti olmuş Pərviz Müşərrəf 2007-ci ildə ölkədə fövqəladə vəziyyət élan etməklə və Ali Məhkəmənin sədrinin həbsinə əmr verməklə dövlətə xəyanət etmişdir. Pakistan qanunlarına görə, dövlətə xəyanət edən şəxs edam və ya ömürlük həbs ilə cəzalandırılır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad