ELM VƏ TƏHSİL
İslandiya Universitetinin Yaxın Şərq mərkəzinin direktoru ADU tələbələri ilə görüşüb
Bakı, 12 oktyabr, AZƏRTAC
İslandiya Universitetinin Yaxın Şərq mərkəzinin direktoru Thorir Jonsson Hraundalin Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağının beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin skandinaviyaşünaslıq ixtisasında təhsil alan tələbələri ilə görüşüb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, Erasmus+ proqramı çərçivəsində reallaşan görüşdə T.J.Hraundalin İslandiyanın tarixi və mədəniyyəti haqqında mühazirələrlə çıxış edib. Görüşün birinci günü İslandiyanın mədəniyyəti haqqında danışan direktor tələbələri qədim ədəbiyyat nümunələrinin xronologiyası, XIX əsr romantizmi, xalq nağılları və digər mövzularla tanış edib.
Növbəti gündə isə T.J.Hraundalin İslandiyanın tarixini əhatə edən mövzular haqqında ətraflı məlumat verib və tələbələrin suallarını cavablandırıb.