REGİONLAR
İsmayıllı sakinləri “ASAN xidmət”in fəaliyyət sahələri barədə məlumatlandırılıblar
İsmayıllı, 24 oktyabr, AZƏRTAC
Qəbələ regional “ASAN xidmət” Mərkəzinin əməkdaşları İsmayıllıda sakinlərlə görüşüblər.
AZƏRTAC xəbər verir ki, rayon Gənclər Mərkəzinin iclas zalında keçirilən görüşdə 350 nəfərdən çox yerli sakin iştirak edib.
Görüşü rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev açaraq, “ASAN xidmət” mərkəzlərinin uğurlarından, bu xidmətin vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanmasından danışıb.
Qəbələ “ASAN xidmət” Mərkəzinin direktoru Əbdül Əliyev çıxış edərək, hazırda respublikamızda 11 bu cür mərkəzin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Ə.Əliyev qeyd edib ki, regional mərkəz Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı və digər ətraf rayonları əhatə edir.
Sonra “ASAN xidmət”in fəaliyyət sahələri barədə mərkəz əməkdaşlarının təqdimatları olub.
Maarifləndirmə məqsədilə keçirilən görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.