REGİONLAR
İsmayıllıda Beynəlxalq Əlilliyi olan Şəxslər Günü qeyd edilib
İsmayıllı, 3 dekabr, AZƏRTAC
İsmayıllı rayonunda 7 min nəfərdən çox müxtəlif kateqoriyalı fiziki məhdudiyyətli sakin yaşayır. Respublikamızın hər yerində olduğu kimi, burada da əlilliyi olan şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ərəfəsində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan 60-dan çox fiziki məhdudiyyətli şəxs müəyyənləşdirilərək onlara bağlamalar göndərilib, lazımi xidmətlər göstərilib. Rayon Gənclər və İdman İdarəsi əlillər arasında stolüstü oyunların yarışını keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bu kateqoriyadan olan şəxslərə göstərilən dövlət qayğısından danışıb. O, sağlamlıq imkanı məhdud şəxslərin, şəhid ailələrinin, təqaüdçülərin 2019-cu ildə dövlət başçısının sərəncamları ilə sosial rifahlarının daha da yaxşılaşdırıldığını vurğulayıb.
DSMF-nin rayon şöbəsinin müdiri Kamran Muradov, Ailə və Uşaqlara Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva sağlamlıq imkanları məhdud şəxslərin sosial rifahının yaxşılaşdırılması, cəmiyyətə inteqrasiyası ilə bağlı görülən işlərdən söz açıblar.
Aprel döyüşlərinin iştirakçısı Yaşar Ağayev, I qrup əlil Nəzakət Cəbrayılova, paralimpiyaçı, I qrup əlil Şakir Ömərov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon filialının sədri Vidadi Zərbiyev və başqaları çıxış edərək, Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən nərd yarışında qalib gələn əlil şəxslərə medal, diplom və qiymətli hədiyyələr verilib.
Tədbir rayon mədəniyyət mərkəzinin hazırladığı bədii proqramla davam edib.