REGİONLAR
İsmayıllıda karantin rejiminin tələblərindən irəli gələn vəzifələrlə bağlı təbliğat-izahat aksiyası keçirilib
İsmayıllı, 4 iyul, AZƏRTAC
İsmayıllı rayonunda koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar tətbiq olunan karantin rejiminin tələblərindən irəli gələn vəzifələrlə bağlı təbliğat-izahat aksiyası keçirilib, ictimai məsuliyyətin monitorinqi aparılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təşkil olunan aksiyada və aparılan monitorinqdə icra hakimiyyətinin, şəhər icra nümayəndəliyinin, bələdiyyənin, gigiyena və epidemiologiya mərkəzinin, polis şöbəsinin, Qida Təhlükəsizliyi Agentliyi Şamaxı regional bölməsinin əməkdaşları iştirak edirlər.
Sahibkarlara məxsus obyektlərdə, ictimai nəqliyyatda mövcud vəziyyətlə tanış olub, insanlarla söhbətlər aparıb sorğular keçiriblər. Habelə küçələrdə sanitariya qaydalarına əməl olunmadan antisanitariya mənbəyi sayılan ərzaqların satışının qarşısı alınıb və bununla bağlı geniş izahat işləri aparılıb.
Aksiya zamanı bəzi sakinlərin karantin rejiminin tələblərini pozduğu aşkar olunub. Bu cür hallara yol verən qurum və cavabdeh şəxslər barədə qanunauyğun tədbirlər görülüb. Habelə ictimai məsuliyyətin monitorinqinin nəticələri ilə bağlı müvafiq tədbirlər müəyyənləşdirilib.