CƏMİYYƏT
İsmayıllıda mağazadan oğurluq edən keçmiş məhkum saxlanılıb
Bakı, 19 may, AZƏRTAC
İsmayıllı Rayon Polis Şöbəsinə İvanovka kəndində yerləşən mağazaların birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Gecə saatlarında obyektə daxil olan naməlum şəxs oradan nağd pul, tütün məmulatları, müşahidə kameralarının yaddaş qurğusunu, kassa aparatını,100 manat dəyərində “Poz, qazan” lotereyalarını və digər ərzaq məhsullarını oğurlayıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən şəxsin Göyçay şəhər sakini, əvvəllər də narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün məhkum olunmuş İlqar Mustafayev olduğu müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılıb və əməlini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. İlqar Mustafayev barəsində də məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.