İsmayıllıda pəlin mövsümü başlayır
İsmayıllı, 7 aprel, AZƏRTAC
Gözəl flora və faunaya malik İsmayıllı rayonu təbiətinin zənginliyi ilə seçilir. Bölgə müalicəvi əhəmiyyəti olan xeyli növdə bitki aləminə malikdir. Bu bitkilərin ilin dörd fəslinə uyğun özünəməxsus xarakterik xüsusiyyətləri var. Təbiətin bizə bəxş etdiyi bitkilərdən insanlar müxtəlif məqsədlər üçün istifadə edirlər. Onlardan biri insan orqanizmi üçün heç də az əhəmiyyəti olmayan pəl bitkisidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, erkən baharda qarın əriməsi ilə bitən pəl əhali arasında geniş istifadə olunur. Bəzi mənbələrdə ona tsiri, zərzər və xəzəz də deyilir. Pəl bitkisinə meşələrdə daha çox rast gəlmək olur. Bu bitkinin mövsümü martın ikinci ongünlüyündən başlayır və may ayınadək davam edir. Meşə (yabanı) soğanı deyilən pəl bitkisi sarımsağın yaşıl zoğuna çox oxşayır və onun dadına bənzəyir, qutab və turşusu hazırlanır. Pəlin qutabı dadı-tamına görə digər qutablardan fərqlənir.
İsmayıllı sakini Gülnarə Mirzəliyeva yaz mövsümündə müalicəvi əhəmiyyətə malik olan pəl bitkisindən əhalinin geniş istifadə etdiyini söyləyib: “Mütəxəssislər pəlin tərkibində fitonsid adlanan maddə olduğunu bildirirlər ki, bu maddə antibakterial təsirə malikdir. Bu bitki bədəndəki mikroblarla mübarizə aparmaqla immunitetin möhkəmlənməsinə yardımçı olur”.
G.Mirzəliyeva bir dəstə pəlin bazarda 1-2 manata satıldığını deyərək, hər kəsə təbiətin bəxş etdiyi ləziz təamlardan dadmaq üçün İsmayıllıya səfər etməyi məsləhət bilir.