REGİONLAR
İsmayıllıda “Qurtuluşdan Zəfərə gedən yol” mövzusunda konfrans keçirilib
İsmayıllı, 14 iyun, AZƏRTAC
İsmayıllı rayon Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan “Qurtuluşdan Zəfərə gedən yol” mövzusunda konfrans keçirilib. Konfransda rayon icra hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə və müəssisələrin kollektivləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanan konfransda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan videoçarx izlənilib.
Konfransda rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova, İkinci Qarabağ müharibəsi şəhidi, mayor Sübhi Mürsəliyevin anası Cəmilə Mürsəliyeva, Qəbələ rayon Heydər Əliyev Mərkəzinin direktoru Fuad Qasımzadə, İsmayıllı rayon Mücəftəran kənd tam orta məktəbinin müəllimi Ülvi Osmanlı çıxış ediblər. Çıxışlarda ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə müasir Azərbaycanın tarixində yeni bir səhifə açıldığı, hökm sürən xaos, böhran, vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırıldığı, ölkənin bütün sahələrdə inkişaf yoluna çıxarıldığı diqqətə çatdırılıb.
Qeyd olunub ki, məhz Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra xalqımızın müstəqillik tarixində yeni dövr başlandı.
Çıxışlarda, habelə vurğulanıb ki, bu gün müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyev tərəfindən qoyulan siyasi xətt onun varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.