REGİONLAR
İsmayıllıda yeni fındıq bağları salınır
İsmayıllı, 7 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin ötən il avqustun 10-da İsmayıllıya səfəri zamanı verdiyi tövsiyə və tapşırıqlara müvafiq olaraq yerli şərait üçün əlverişli, ixracyönümlü məhsul olan fındıqçılığın inkişafı istiqamətində ciddi işlər görülür.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumatda bildirilib ki, artıq rayon ərazisində 317 min 130 ədəd fındıq tingi əkilib. Habelə 87 hektar köhnə bağlarda bərpa işləri aparılıb. Əkin rayonun, demək olar ki, bütün ərazilərində həyata keçirilib. Əlverişli yerlərdə daha çox sahədə bağlar salınıb. Belə ki, Qalınçaqda 63 hektarda, Tircanda 56 hektarda, Qalacıqda 35 hektarda fındıq tingləri əkilib.
Qeyd edək ki, hava şəraiti ilə əlaqədar olaraq rayonda bəzi ərazilərdə ting əkini davam etdirilir. Tinglər əsasən Qəbələ, Oğuz, Zaqatala və Qax rayonlarından gətirilir.