REGİONLAR
İsmayıllıdan olan fermer gəlirli sahə olduğu üçün qarğıdalı təsərrüfatını genişləndirəcək
İsmayıllı, 26 avqust, AZƏRTAC
Mehman Məmmədovun ailə fermer təsərrüfatı İsmayıllıda 4,5 hektar sahədə dənlik qarğıdalı yetişdirib və ailə cari mövsümdə hər hektardan bol məhsul gözləyir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il İsmayıllı şəhəri ərazisində əkilən qarğıdalı sahəsində aqrotexniki tədbirlərin vaxtında və düzgün tətbiq edilməsi bol məhsul yetişdirilməsi ilə nəticələnib. Belə ki, hər qarğıdalı bitkisinin gövdəsində bir, bəzi hallarda isə iki qıça var. Hər qıçada isə 900-1000 ədəd dən var ki, bu da hektardan 14 tondan çox məhsul deməkdir. Ailə qarğıdalı qıçasının bir hissəsini erkən-mum yetişkənlik fazasının lap əvvəlində yığaraq bazara çıxarır. Bazarda isə bu cür sütül qarğıdalıya tələbat heç də az deyil. Bu da ailəyə təsərrüfatın təkcə bu sahəsindən xeyli gəlir gətirir. Buna görə də ailə qarğıdalı təsərrüfatını genişləndirməyi qərara alıb.
Ailə fermer təsərrüfatının başçısı Mehman Məmmədov bildirib ki, dənlik qarğıdalı gəlirli sahədir. O, gələn il əkin sahəsini azı iki dəfə artırmağı planlaşdırır. Ümumiyyətlə, yaxın illərdə qarğıdalı sahəsi üzrə iri fermer təsərrüfatı yaratmaq istəyir.