REGİONLAR
İsmayıllının hər fəsli başqa bir möcüzədir FOTO VİDEO
İsmayıllı, 26 fevral, AZƏRTAC
İlin bütün fəsillərində əsrarəngiz gözəlliyi ilə göz oxşayan İsmayıllı rayonu yerli sakinlərlə yanaşı, bura gələn qonaqların da sevimli məkanıdır. Digər fəsillərdə olduğu kimi, qış fəslində də İsmayıllı başqa bir gözəlliyə qərq olur, daha valehedici görünür. Qar mənzərəsi ilə bəzənmiş İsmayıllı dağları, meşələri həqiqətən nağılabənzər bir aləm yaradır.
AZƏRTAC xəbər verir ki, İsmayıllı rayonunun təbiətini daha ecazkar edən Şahdağ milli parkı da hazırda qış fəslinin gözəlliyini yaşayır. Milli parkın İsmayıllı rayonu ərazisində, Buynuz kəndində İDEA İctimai Birliyinin təbiətin bərpası və mühafizəsi istiqamətində həyata keçirdiyi “Zubrların təbiətə qaytarılması” layihəsi çərçivəsində əraziyə buraxılan bu heyvanlar qışın oğlan çağında da dözümlü olmaları ilə fərqlənirlər.
Qaranohur gölü, Basqal və Lahıc qəsəbələri, Niyal dağları, Qalacıq, Qurbanəfəndi və Sərdahar şəlalələri, Sulut kəndində Buzxana, Talıstan meşəsi, Cavanşir qalası və bir-birindən gözəl çoxsaylı gəzməli, görməli məkanları ilə İsmayıllı rayonu yaz-yay turizmi ilə yanaşı, qış turizminin də əvəzolunmaz ünvanıdır.