DÜNYA
İspaniya Ali Məhkəməsi Karles Puçdemonun həbsi barədə orderi geri götürüb
Bakı, 5 dekabr, AZƏRTAC
İspaniyanın Ali məhkəməsi Kataloniya hökumətinin sabiq başçısı Karles Puçdemonun həbsi üçün beynəlxalq orderi ləğv edib.
AZƏRTAC BBC agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat ölkənin məhkəmə orqanının saytında yerləşdirilib.
“Hakim Pablo Lyarena hökumətin (Kataloniya) sabiq başçısı Puçdemonun və Belçikada olan sabiq hökumət üzvlərinin həbsi barədə Avropa orderini ləğv etmək barədə qərar qəbul edib”, - deyə məhkəmədən bildiriblər.
Həmçinin hakim qeyd edib ki, Kataloniya hökumətinin sabiq başçısı və üzvləri regionda keçiriləcək seçkilərdə iştirak etmək üçün “İspaniyaya qayıtmaq məramlarını nümayiş etdirib”. Lyarena öz qərarı barədə Belçika hökumətini məlumatlandırıb.
“Rais” qəzeti məhkəmədə olan mənbələrinə istinadla Puçdemonun və onun hökumətinin dörd sabiq nazirinin İspaniyaya qayıtdıqları təqdirdə həbs oluna biləcəkləri barədə informasiya dərc edib.
Qeyd edək ki, İspaniya məhkəməsi noyabrın 3-də Brüsseldə olan Puçdemon və silahdaşlarının həbs olunması üçün beynəlxalq order verib. Onlar qiyamın təşkilində, dövlət vəsaitinin israf olunmasında, vəzifələrindən sui-istifadədə və hökumətə tabe olmamaqda ittiham edilirlər. Bu cinayətlər ümumilikdə 30 ilə qədər həbs cəzasını ehtiva edir.
Belçika tərəfi dekabrın 14-də Puçdemonun və muxtariyyət hökumətinin daha dörd sabiq üzvünün İspaniyaya verilməsi ilə bağlı məhkəmə qərarı çıxarmağı planlaşdırırdı.