CƏMİYYƏT
İspaniya hepatit C əleyhinə irimiqyaslı mübarizəyə hazırlaşır
Madrid, 21 fevral, AZƏRTAC
İspaniyada bu onillik ərzində hepatit C virusunun kökünü kəsmək niyyətindədirlər.
AZƏRTAC xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının 2030-cu ilədək virus hepatitinin aradan qaldırılması hədəfinə nail olmaq məqsədilə İspaniyada virus hepatitinin aradan qaldırılması üzrə Alyans proqramı (Aehve) da yaradılıb. Amma ekspertlər əmindirlər ki, İspaniya bu hədəfə artıq 2023-cü ildə çatacaq.
2015-ci ildən bəri ötən 7 il ərzində İspaniyada hepatit C virusuna yoluxan 150 min pasiyent müalicə olunaraq sağalıb. COVID-19 pandemiyasının əmələ gətirdiyi fasiləni adlayan İspaniya hepatit C əleyhinə son vuruşa hazırlığı başa çatdırır.
Hepatit C virus kimi 1989-cu ildə aşkarlanıb. Virusun ötürülməsində ən təhlükəli amil qan olduğu üçün qan köçürülməsində nəzarətin tətbiqi və xəstəxanalarda sterilləşdirilmə tədbirlərinin korrektləşdirilməsi zərurəti yaranıb.
Hazırda İspaniyada təqribən 76 min nəfər virus daşıyıcısı var. Onların əksəriyyətinə uzun illər ərzində simptomsuz davam edən hepatit diaqnozu təyin edilib.
Ekspertlər bildirirlər ki, ilk növbədə, hepatitin aşkarlanması və onun müalicəsi üzrə plan işlənib hazırlanmalıdır. İspaniyada yeni müalicə metodları virusa yoluxmanı çox sürətlə aşağı salmağa imkan verib. Təkcə 2015-2018-ci illərdə 110 mindən çox pasiyentin (yoluxanların yarıdan çoxu) infeksiyadan sağalmasına nail olunub. O vaxtdan effektli müalicə sayəsində cari rüb ərzində yoluxan pasiyentlərin sayı təqribən 2 min nəfərə düşüb.
İspaniya səhiyyə sistemində virusun müalicəsinə ayrılan vəsait çox böyükdür: son 7 il ərzində təkcə hepatit C əleyhinə dərmanlara 2 milyard avrodan çox ayrılıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid