İSPANİYA ÖZ TARİXİNƏ YENİDƏN NƏZƏR SALIR
Parlamentin bir çox deputatlarının fikrincə, qanun layihəsi İspaniyaya ölkənin tarixindəki bu faciəli səhifəni bağlamağa imkan verəcəkdir. Lakin layihə müxalifət tərəfindən kəskin tənqid edilmişdir.
İspanlar faciənin səbəbləri və onun nəticələrinin necə nəzərdən keçirilməsi ilə bağlı məsələlərdə yekdil rəyə gələ bilmirlər.
1939-cu ildə Millətçilər Respublikaçılara qalib gələnədək ölkədə 350 mindən çox insan qırılmışdır. Mühafizəkar siyasi qüvvələrin və Roma katolik kilsəsinin dəstəklədikləri İspaniya hərbçiləri üçün vətəndaş müharibəsi kommunizmə qarşı mübarizə, respublikaçılar hökuməti üçünsə faşizmə qarşı müharibə idi.
Millətçilərin qələbəsindən sonra respublikaçılar zindanlara salındı, ölkədən qovuldular və Franko təxminən qırx il ərzində diktatorluq etdi.
Yeni qanuna görə, Frankonun hakimiyyəti dövründəki rəmzlərdən dövlət binalarında istifadə edilməsi qadağan olunacaq, habelə kütləvi surətdə güllələnib basdırılmış minlərlə insanın cənazələrini çıxarıb, yenidən ehtiramla basdırmaq asanlaşacaqdır.
Baş nazirin müavini Mariya Tereza Fernandesin sözlərinə görə, qanun yaraları açmadan sağaltmağa kömək edəcəkdir.
Bu gün ispanların əksəriyyəti vətəndaş müharibəsindən və ya Frankodan danışmaq istəmir. Onların fikrincə, bu, göynəyən yaranın üstünə duz səpmək olardı.