MƏDƏNİYYƏT
İspaniya təmsilçisi Rut Lorenzo: Azərbaycanı İspaniyada qonaq edə bilmək üçün “Eurovision-2014” mahnı müsabiqəsində qələbə qazanmaq istəyərdim VİDEO
Kopenhagen, 7 may (AZƏRTAC). Azərbaycanı İspaniyada qonaq edə bilmək üçün “Eurovision-2014” mahnı müsabiqəsində qələbə qazanmaq istəyərdim.
Bu sözləri İspaniyanı bu il “Eurovision” mahnı müsabiqəsində təmsil edən xanım Rut Lorenzo AZƏRTAC-ın müxbirinə müsahibəsində demişdir.
Azərbaycanın 2012-ci ildə bütün Avropaya mükəmməl təşkilatçılıq nümayiş etdirdiyini bildirən İspaniya təmsilçisi həmin vaxt televiziya vasitəsilə möhtəşəm şounu izlədiyini vurğulamışdır.
Rut Lorenzo Böyük Britaniya, İrlandiya, Portuqaliya və Azərbaycan təmsilçilərinin onun favoritləri arasında olduğunu qeyd edərək demişdir: “Düşünürəm ki, bu ölkələrin müsabiqədə qələbə qazanmaq şansı daha çoxdur. İspaniyanı 2012-ci ildə Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsində təmsil edən mənim dostum Pastore Soler Bakının inanılmaz dərəcədə gözəl olduğunu demişdir. Mən Azərbaycana sevgilərimi göndərirəm. İnanıram ki, tamaşaçıların mənim müsabiqədə təqdim etdiyim performans xoşlarına gələcəkdir. Hər kəsə uğurlar arzulayıram.
Məsələnin siyasi cəhəti də mənim üçün vacibdir. Hazırda Azərbaycan İspaniya üçün dost ölkədir. Şəxsən mən qələbə qazanmağa layiq, istedadlı gənc müğənni Dilarə Kazımovanı çox bəyənirəm. İspaniya Azərbaycanı dəstəkləyəcək və müsabiqəni televiziya vasitəsilə izləyərək əsas səsini Azərbaycana göndərəcəkdir”.
Rut Lorenzo uşaqlıq illərindən professional səhnədə çıxış edərək Böyük Britaniya, Avstraliya, Avropanın böyük teatr salonlarında tanınmış ifaçılarla böyük konsert proqramlarında iştirak etmişdir.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Kopenhagen