CƏMİYYƏT
İspaniyada apteklərdə homeopatik vasitələrin satışı məhdudlaşdırılıb
Madrid, 1 noyabr, AZƏRTAC
İspaniyanın dərman və tibb məmulatlar agentliyi (Aemps) yeni reqlamentə uyğun olaraq, ölkənin apteklərində satışına icazə verilmiş 2008 homeopatik preparatdan ibarət siyahı dərc edib. Adları çəkilməyən digər homeopatik məhsullar satışdan çıxarılmalıdır.
AZƏRTAC xəbər verir ki, mütəxəssislərin hesablamalarına görə, hazırda İspaniya apteklərində 14-19 minədək homeopatik vasitələr satılmaqdadır.
Aprelin sonunda agentlik dərmanlar haqqında Avropa direktivinə müvafiq olaraq, homeopatik məhsullara tələbatın az olduğunu müəyyən edib. İspaniya hakimiyyət orqanları tərəfindən istehlakçılara və distribüterlərə oktyabrın sonunadək vaxt verilib. Bu müddət ərzində onlar yeni tələblərə uyğun preparatların gətirilməsi barədə niyyətlərini bildirməlidirlər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid