DÜNYA
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
Madrid, 21 noyabr, AZƏRTAC
İntensiv yağışlar İspaniyanın Valensiya və Alikante əyalətlərində ciddi fəsadlar törədib. Vivero şəhərində bir nəfər həlak olub, Ondarroa sakini isə itkin düşüb. Bu əyalətlərdə 136 min şagirdin məktəbə gedə bilmədiyi və Valensiyanın Qandiya limanının bağlandığı bildirilir.
Vivero meri Mariya Lureyro bildirib ki, təbii fəlakətin fəsadlarını daha dəqiq müəyyən etmək üçün şəhərin hakimiyyət orqanları daxil olan məlumatları təhlil edir. Ən intensiv yağışlar Valensiyanın cənubunda və Alikantedə qeydə alınıb.
Dövlət Meteorologiya Agentliyinin məlumatına görə, Alikante əyalətində yağıntıların miqdarı hər kvadrat metrə 100 litr, Sueka və Alqemesidə isə müvafiq olaraq 84,4 və 82 litr təşkil edib. Bunun nəticəsində Valensiyanın cənubunda və Alikantedə əlillər üçün mərkəzlər və qocalar evlərində insanların küçələrə çıxmaması məqsədilə tədbirlər görülüb.
Mursiyada yolları su basıb, yetmiş tələbənin olduğu avtobus Kartaxena bələdiyyəsi ərazisində daşqınların əsirinə çevrilib.
Dövlət Meteorologiya Agentliyi yaxın günlərdə Qalisiya və Əndalusun qərbində əvvəlkindən daha az intensiv yağışların olacağı barədə xəbərdarlıq edib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid