DÜNYA
İspaniyanın yeni Kralı taxta çıxmışdır
Madrid, 19 iyun (AZƏRTAC). İyunun 19-da İspaniya Krallığında tarixi hadisə baş vermişdir. Ölkənin yeni Kralı VI Felipe taxta çıxmışdır. Təmtəraqlı inauqurasiya mərasimində bir milyona yaxın insan iştirak etmişdir.
Yeni Kral andiçmə mərasimində söylədiyi nitqində öz hakimiyyətini “müasir dövrün monarxiyası” adlandırmışdır.
İspaniya hökuməti artıq üzərində yeni Kral və kraliçanın təsviri olan milli suvenirləri satışa buraxmışdır. Həmçinin üzərində VI Felipenin şəkli olan avrolar da dövriyyəyə buraxılacaqdır.
Yeni Kralın hakimiyyətində İspaniyada çox şeylərin dəyişiləcəyi proqnoz edilir. Bu sırada mövcud qanunvericilik aktları, idarəetmə sistemini qeyd etmək olar. Gözlənilən digər maraqlı dəyişiklik isə kral futbol klubunun adıdır. Belə ki, “Real Madrid” klubu öz titulunu “Atletiko” klubuna verə bilər. Yeni Kral “Atletiko” klubunun azarkeşidir.
Xəbər verdiyimiz kimi, iyunun 2-də gözlənilmədən İspaniya Kralı I Xuan Karlos oğlu şahzadə Felipenin xeyrinə taxt-tacdan imtina etmişdir. Lakin bundan sonra Krallıq və İspaniya hökuməti yeni problemlə qarşılaşmışdı. Kralın qərarından sonra İspaniyanın Baş naziri Mariano Raxoy hökumətin təcili iclasını toplamışdı. Səbəb qanunvericilikdə dəyişikliklərin olunmasının labüdlüyü idi. Belə ki, İspaniya qanunvericiliyində kral hakimiyyəti yalnız Kralın ölümündən sonra vəliəhdə keçə bilərdi. Qanunda taxt-tacdan könüllü imtina barədə bənd yox idi. Məhz bu bəndin tərtib edilməsindən sonra vəliəhd Felipe Kral tituluna sahib ola bildi.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid