SİYASƏT
İSRAİLİN AZƏRBAYCANDAKI SƏFİRİ LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNİN MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Lənkəran, 27 noyabr (AZƏRTAC). Cənub bölgəsi ilə tanışlıq məqsədilə Lənkəran rayonuna səfər edən İsrailin Azərbaycandakı səfiri Mixael Lavon-Lotem noyabrın 26-da Lənkəran Dövlət Universitetinin müəllim və tələbələri ilə görüşmüşdür.
Ali təhsil ocağının pedaqoji və tələbə kollektivi adından israilli diplomatı salamlayan LDU-nun rektoru, professor Asəf İsgəndərov qonağa universitetdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, qazanılmış uğurlar və burada yaradılan şərait barədə məlumat vermişdir.
Səfir Mixael Lavon-Lotem İsrailin 1948-2009-cu illəri əhatə edən iqtisadiyyatının inkişaf istiqamətləri barədə müəllim və tələbələri ətraflı məlumatlandırmışdır.
İsrail iqtisadiyyatının 1950-1980-cu illəri əhatə edən ilk 30 illik dövründə ölkədə kənd təsərrüfatı məhsulları istehsalına, xüsusən də portağal istehsalına daha çox üstünlük verildiyini vurğulayan diplomat, bu dövrdə ölkəsində vətəndaş cəmiyyəti quruculuğunda və hərbi potensialın artırılmasında da uğurlar qazanıldığını diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, İsrailin yeganə milli sərvəti duz olsa da, 2008-ci ildə ölkədə 172 adda daxili məhsul istehsal olunmuş və bu məhsulların əksəriyyəti dünyanın ən inkişaf etmiş ölkələrinə, o cümlədə ABŞ-a ixrac ediilmişdir.
İsrailli sahibkarların Azərbaycanda iqtisadiyyatın inkişafına investisiya qoymaq niyyətində olduğunu vurğulayan səfir, bu məqsədlə ölkəsinin iş adamlarının ölkəmizə gələcəyini bildirmişdir.
Tədbirin sonunda səfir Mixael Lavon-Lotem universitetin müəllim və tələbələrinin suallarını cavablandırmışdır.
Bununla da İsrailin Azərbaycandakı səfirinin Lənkəran rayonuna ikigünlük səfəri başa çatmışdır.