DÜNYA
İsrailin “Leviathan” qaz yatağı üzrə 2 milyard dollarlıq saziş imzalanıb
Bakı, 3 dekabr, Nihad Budaqov, AZƏRTAC
İsraildəki “Leviathan” təbii qaz yatağının işlənməsi üzrə tərəfdaşlar bu ölkənin “Or Energies” şirkəti ilə 2 milyard dollar dəyərində qaz sazişi imzalayıblar.
AZƏRTAC “Globes” saytına istinadla xəbər verir ki, saziş üzrə “Or Energies” şirkəti 20 il ərzində ümumilikdə 8,8 milyard kubmetr təbii qazla təmin olunacaq. “Or Energies” həmin qaz həcmini həyata keçirməyi planlaşdırdığı 600 meqavatlıq elektrik stansiyasında istifadə edəcək.
Qeyd edək ki, ABŞ-ın “Noble Energy” şirkəti operatoru olduğu “Leviathan” yatağında 39,66 faizlik paya sahibdir. Yataqda İsrailin “Delek” ilə “Avner” şirkətləri hər biri 22,67 faizlik paya, bu ölkənin “Ratio” şirkəti isə 15 faizlik paya sahibdir. 2010-cu ildə kəşf edilən “Leviathan” yatağının təxminən 622 milyard kubmetr təbii qaz ehtiyatı var.