DÜNYA
İsrailin mini-robotu kəşfiyyatçı əsgərləri əvəz edəcəkdir
Bakı, 14 sentyabr (AZƏRTAC). Elbit Systems şirkətinin yeni robotları çox ciddi və spesifik hərbi standartlara uyğun işlənib hazırlanır.
Bütün belə növ araşdırmalar məsafədən idarə olunan döyüş robotları istehsalı sahəsində şirkətin topladığı geniş hərbi təcrübəyə və xüsusi biliklərə əsaslanır. Bu sahədə Elbit Systems şirkəti dünyada ən irəli getmiş şirkətlərdən biri hesab edilir.
Bu həftə Latrunda keçirilmiş illik hərbi konfransda şirkət VİPeR-Mini-VİPeR döyüş robotlarının yeni üzvünü təqdim etmişdir.
Çəkisi cəmi 3,5 kiloqram olan kiçicik robot geniş vəzifələri yerinə yetirməyə imkan verən mütərəqqi sensorlarla təchiz olunmuşdur.
Məsələn, binanın daxilini müayinə etmək üçün robotun bayırdan, tutaq ki, pəncərədən içəri atılması, habelə borularda və tunellərdə kəşfiyyat missiyalarının yerinə yetirilməsi məhz bu cür vəzifələrdəndir.
Belə mini-robot partladıcı qurğuları, tələləri, habelə bilavasitə təmasadək düşmən qüvvələri aşkara çıxarmaqla yerüstü qüvvələrin, xüsusən piyadaların həyatını qorumağa imkan verəcəkdir.
Bundan başqa, mini-VİPeR robotu əlavə təkərlərin köməyi ilə pilləkənləri qalxa və müxtəlif faydalı yük daşıya bilir.
Xarici ölkələrin KİV-ləri xəbər verir ki, lazım gələrsə, VİPeR doqquz millimetrlik mini-Uzi ilə, səsbatırıcı qumbaralar və tüstü qumbaraları ilə təchiz edilə bilər.