SİYASƏT
İsrailin Tirat Karmel şəhərində “Azərbaycan tolerantlıq ərazisidir” fotosərgisinin açılışı olmuşdur
Bakı, 29 may (AZƏRTAC). İsrailin Hayfa yaxınlığında yerləşən mənzərəli Tirat Karmel şəhərində “Azərbaycan tolerantlıq ərazisidir” fotosərgisinin açılışı olmuşdur.
“Azİz” Beynəlxalq Assosiasiyasından AZƏRTAC-a bildirmişlər ki, sərgi 2014-cü ildə Heydər Əliyev Fondunun və Azərbaycan Respublikasının Milli Tolerantlıq Mərkəzinin dəstəyi ilə assosiasiyanın keçirdiyi böyük layihə çərçivəsində təşkil edilmişdir. Tirat Karmeldə bu tədbirin təşkilində bələdiyyə idarəsi və “Natali” qənnadı fabriki iştirak etmişlər.
Sərginin açılışında Tirat Karmel şəhərinin meri Arye Tal, əslən bakılı olan şəhər sovetinin deputatı Aviran Mişiyev, “Tsaarey Beyteynu” təşkilatının nümayəndəsi Yosi Peysarov, Kiyat-Yama şəhər sovetinin deputatı Marqarita Kozakova iştirak etmişlər.
Tirat Karmeldə Azərbaycandan köçüb gələnlərin böyük bir icması yaşayır, lakin “Azİz” Assosiasiyası yanında Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salmanın respublikada tolerantlıq ənənələri tarixinə dair giriş mühazirəsi ivrit dilində səsləndirilmişdir, çünki zalda əyləşənlərin çoxu rus dilini bilmirdi. Onlar başqa icmaların nümayəndələri, habelə “Azİz” Assosiasiyasının təşkil etdiyi bütün tədbirlərə böyük həvəslə gələn yerli israillilər idi. Y.Salman Azərbaycanın elm, mədəniyyət, iqtisadiyyat və siyasət sahələrində nəzərəçarpacaq iz qoymuş yəhudi icmasının nümayəndələrindən danışmışdır.
Mer Arye Tal iştirakçıları salamlayarkən demişdir: “Mən fəxr edirəm ki, şəhərimizdə nəinki İsrailin çiçəklənməsi üçün çox iş görən, həmçinin doğulduqları ölkədən, onun gözəl ənənələrindən söhbət açmaq üçün əllərindən gələni edən gözəl bir icma yaşayır. Uzun illərdən bəri burada yaşayan bu insanlar Azərbaycanla sıx bağlıdır. Mən çox istəyirəm ki, bu respublikada olum və fürsət düşən kimi mütləq bunu edəcəyəm”.
Təntənəli hissə başa çatdıqdan sonra konsert proqramı başlanmışdır. Konsertdə hamı tərəfindən sevilən “Bakı-Moskva” dueti - Fərid Aloni və Sofi Lİberman, gənc klarnetçalan Yuri Torpeaşvili iştirak etmişlər. Y.Torpeaşvilinin ifasında şərq melodiyaları səsləndirilmişdir. Şəhərin rəqs kollektivi isə bir neçə Qafqaz rəqsi ifa etmişdir.