İQTİSADİYYAT
İŞSİZLİYİN BİR SƏBƏBİ DƏ İŞ AXTARANLARIN TƏHSİLİNİN VƏ BACARIĞININ ƏMƏK BAZARININ TƏLƏBLƏRİNƏ CAVAB VERMƏMƏSİDİR
Martın 5-də Mərkəzin “Ziya” konfrans salonunda həmin tədqiqat işində əldə olunmuş nəticələrin təqdimatı mərasimi keçirilmişdir. Qeyd olunmuşdur ki, indi əsas vəzifə iqtisadi inkişafın nəticələrini sosial sahənin yaxşılaşdırılmasına yönəltməkdən ibarətdir. Aparılan uğurlu iqtisadi siyasət nəticəsində əldə edilən makroiqtisadi sabitlik və iqtisadiyyatın real sektorunda baş verən sürətli inkişaf, cəmiyyətin keçid dövründən irəli gələn sosial problemlərinin həll edilməsinə zəmin yaradır.
Bazar iqtisadiyyatı sisteminə keçidlə əlaqədar ölkəmizdə yaranmış işsizlik probleminin həlli hökumətin qarşısında duran əsas məsələlərdən biridir. Bu problemin həlli ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi siyasətinin üstün istiqamətini təşkil edir.
Ölkəmizdə həyata keçirilən iqtisadi inkişaf siyasətinin elmi strategiyasının hazırlanması ilə məşğul olan qurum kimi İqtisadi İslahatlar Mərkəzi hazırda işsizlik probleminin aradan qaldırılması ilə əlaqədar bir sıra mövzularda tədqiqat işləri aparır.