ELM VƏ TƏHSİL
İstanbul Hərbi Muzeyinin nümayəndəsi Milli Azərbaycan Tarixi Muzeyində olub
Bakı, 7 noyabr, AZƏRTAC
İstanbul Hərbi Muzeyinin sektor müdiri Sezgin Kaya Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) olub.
Milli Azərbaycan Tarixi Muzeyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə MATM-ın direktoru, akademik Nailə Vəlixanlı rəhbərlik etdiyi müəssisənin fəaliyyətindən danışıb. Alim muzeydə səmərəli elmi-tədqiqatlar aparıldığını, uğurlu nəticələr qazanıldığını diqqətə çatdırıb. Akademik Nailə Vəlixanlı Prezident İlham Əliyevin tapşırığı ilə muzeyin əsaslı təmir olunduğunu vurğulayıb.
Sonra MATM-da qorunan eksponatların, xüsusən XVIII-XIX əsrlərə aid bayraqların bərpası və iki muzey arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Türkiyəli qonağa muzeyin nəşrləri hədiyyə edilib.