DÜNYA
İstanbulda beynəlxalq taxıl birjası yaradıla bilər
Bakı, 25 iyul, AZƏRTAC
İstanbulda imzalanan “ərzaq sazişinin” uğurla həyata keçirilməsi bu şəhərdə beynəlxalq taxıl birjasının yaradılmasına imkan verə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə mediası həmin sahənin nümayəndələrinə istinadla məlumat yayıb.
Kənd təsərrüfatı məhsullarının Qara dəniz vasitəsilə ixracına dair müqavilələrin imzalanması İstanbulu buğdanın qiymətinin formalaşacağı aparıcı dünya mərkəzlərindən biri olmasına şərait yaradır. Ekspertlərin fikrincə, dünya taxıl bazarında Ukrayna və Rusiyanın payının 30 faiz təşkil etdiyi nəzərə alınsa, bu planların həyata keçirilməsi kifayət qədər real görünür.
Qeyd edək ki, iyulun 22-də İstanbulda ərzaq və gübrə məhsullarının dünya bazarlarına tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. BMT və Rusiya arasında imzalanan memorandum təşkilatın Moskvaya qarşı qəbul edilən, kənd təsərrüfatı məhsulları və gübrələrin ixracına maneə yaradan məhdudiyyətlərin aradan qaldırılmasına çalışdığını təsdiqləyir.
İmzalanan digər sənəd isə Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından taxıl ixracı mexanizmini müəyyən edir. Bu məsələ ilə bağlı Türkiyə, Ukrayna, Rusiya və BMT arasında imzalanan saziş dördtərəfli koordinasiya mərkəzinin yaradılmasını nəzərdə tutur.