CƏMİYYƏT
İstanbulda keçirilən Qlobal Parlament Konfransı Azərbaycanın da təmsilçiliyi ilə işini davam etdirir
İstanbul, 21 iyun, AZƏRTAC
Türkiyə Böyük Millət Məclisi (TBMM) və Parlamentlərarası İttifaqın (IPU) birgə təşkilatçılığı əsasında iyunun 20-də İstanbulda açılışı olan Qlobal Parlament Konfransı işini davam etdirir. Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyəti qlobal konfransda Azərbaycanı təmsil edir.
AZƏRTAC xəbər verir ki, iyunun 21-də konfrans “Miqrasiya məsələsində məsuliyyət və yükün ədalətli paylanması” mövzusunda sessiya ilə start götürüb.
Bu gün ümumilikdə 3 sessiya üzrə müzakirələr aparılandan sonra bağlanış mərasimi olacaq.
Bağlanış mərasimində Qlobal Parlament Konfransın yekunları ilə bağlı dəyərləndirmədən sonra Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop çıxış edəcək.
Qeyd edək ki, Qlobal Parlament Konfransında ümumilikdə 54 ölkədən parlament təmsilçiləri müasir dünyanın ən böyük problemlərindən olan qaçqınlar və məcburi miqrasiya ilə bağı böhran vəziyyətini müzakirə edirlər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul