SİYASƏT
İSTANBULDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN VƏFATININ İLDÖNÜMÜ İLƏ BAĞLI TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
İstanbul, 11 dekabr (AZƏRTAC). İstanbulda Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbirlər keçirilmişdir.
Azərbaycan diasporunun nümayəndələri, diplomatik korpusumuz, tələbələr və Türkiyə ictimaiyyətinin nümayəndələri İstanbulun mərkəzindəki Sarıyer rayonunda yerləşən Heydər Əliyev Parkında ulu öndərin abidəsini ziyarət etmişlər.
Heydər Əliyevin abidəsinin önünə əklil qoyulmuşdur. Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənmişdir.
Burada keçirilən anma mərasimində çıxış edən ölkəmizin İstanbuldakı baş konsulu Səyyad Aran, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver, Sarıyer bələdiyəsinin sədri Şükrü Gənc bildirmişlər ki, Türkiyə üçün Atatürk nə qədər böyükdürsə, Azərbaycan üçün ulu öndər Heydər Əliyev də o qədər əzəmətli bir liderdir. Onun türk dünyası qarşısında xidmətləri də misilsizdir və heç zaman unudulmayacaqdır.
Sonra, Şişli rayonunda Heydər Əliyevin büstünün qarşısında da anma mərasimi keçirilmişdir.
Ulu öndərin büstünün önünə əklil qoyulmuşdur. Azərbaycan və Türkiyənin dövlət himnləri səslənmişdir.
Mərasimdə çıxış edən Şişli bələdiyəsinin sədri Mustafa Sarıgül demişdir ki, Heydər Əliyev türk dünyasının yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir və onun xalqlarımız qarşısında xidmətləri çox böyükdür. Bu dahi şəxsiyyətin siyasi kursunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. İstanbuldakı baş konsulumuz Səyyad Aran, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver ulu öndərin türk dünyası və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs etmişlər. Qeyd olunmuşdur ki, Türkiyə və Azərbaycanın birgə gələcəyini “bir millət, iki dövlət” prizmasından görən dahi siyasətçi, xalqlarımızın rifahı üçün Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi nəhəng layihələri miras qoymuşdur. Ulu öndərin xatirəsi Türkiyənin hər bir guşəsində əziz tutulur, onun abidələri ucaldılır, adına parklar və xiyabanlar salınır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
######