SİYASƏT
İSTANBULDA “XOCALI GƏNCLƏRİN GÖZÜ İLƏ” SƏRGİSİ AÇILACAQDIR
BUNUNLA DA “XOCALIYA ƏDALƏT” BEYNƏLXALQ KAMPANİYASINA START VERİLƏCƏKDİR
Bakı, 20 fevral (AZƏRTAC). Fevralın 21-də İstanbulda “Xocalı gənclərin gözü ilə” sərgisi açılacaqdır.
Sərgi, İslam Konfransı Təşkilatının (İKT) Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumunun (DƏ-İKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilmiş “Xocalıya ədalət” (Justice for Khodjaly) beynəlxalq məlumat və təşviqat kampaniyası çərçivəsində təşkil olunacaqdır.
1992-ci il fevral ayının 26-da törədilmiş Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu sahədə təşviqat aparılması məqsədi daşıyan kampaniyanın beynəlxalq səviyyədə rəsmi açılışı 2009-cu il fevralın 26-da olacaqdır. Həmin gün kampaniyanın internet saytının (vvvvvv.justiceforkhojaly.org) Avropa, Amerika və Asiyanın bir çox paytaxt şəhərlərində təqdimatı da keçiriləcəkdir.
Forumun təşkilatçılığı ilə tədbirlər planı çərçivəsində fevralın 21-də İstanbulun Taksim metrostansiyasının sərgi salonunda Xocalı ilə bağlı uşaqların çəkdiyi şəkillərdən və həmçinin kampaniyaya qoşulmuş xarici ölkələrin yaradıcı gənclərinin fotoşəkillərindən ibarət sərginin açılışı və bu tədbirlə Türkiyədə kampaniyaya start verilməsi planlaşdırılır.
Açılışda Türkiyənin millət vəkilləri, hökumət üzvləri, bələdiyyə başçıları, elm adamları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edəcəklər. Eyni zamanda, metrodan istifadə edən İstanbul əhalisinin də sərgiyə böyük maraq göstərəcəyi gözlənilir.
Sərgi fevralın 24-dək davam edəcəkdir.