İQTİSADİYYAT
İstehlak bazarında yararsız mallar aşkar edilmişdir
Bakı, 29 noyabr (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Yasamal rayonunda Zaur Hüseynova, Ramiz Hüseynova, Ənvər Əliyevə məxsus mağazalarda, “Qalib”, “Nur”, “Okean” marketlərdə, Nəsimi rayonunda H.Məlikova, Ruslan Həsənova, Mustafa Abdullayevə məxsus mağazalarda, “Nicat” marketdə, “Un məmulatları” mağazasında, Gəncə şəhərində Vəfa Musayevaya, Qazax şəhərində Əbülfət Məmmədova, Əli Məhəmmədiyə, Siyəzən şəhərində Əmirağa Babayevə məxsus mağazalarda ümumi çəkisi 250 kiloqrama yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkarlanmış, satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcəkdir.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.