İQTİSADİYYAT
İstehlak bazarında yararsız mallar aşkar edilmişdir
Bakı, 9 avqust (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Ruslan Əhmədova, Elçin Novruzova, Miryağub Cəfərova, Hümbət Süleymanova məxsus marketlərdə, "Fidan" marketdə, Binəqədi rayonunda Mərahim Zaidova, Niyaməddin Səfərova, Zaur Vəliyevə məxsus marketlərdə, "Cavid" marketdə, Tovuzda Elxan Həsənova, Balakəndə Nizami Bayramova, Salyanda İsmayıl Ağalarova, Anar Cəfərova, Gədəbəydə Sabir Hüseynova məxsus mağazalarda ümumi çəkisi 300 kiloqramdan çox saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkarlanmış, satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcəkdir.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.