İQTİSADİYYAT
İstehlaka yararsız məhsullar məhv edilmişdir
Bakı, 6 avqust (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, monitorinqlər zamanı Bakının Xəzər, Yasamal, Nəsimi rayonlarında, eləcə də Xızı, Samux, Yevlax, Sabirabad, Tərtərdə mağazalarda saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanmışdır.
Monitorinqlər nəticəsində, ümumilikdə, 190 kiloqrama yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.