İQTİSADİYYAT
İstehlakçıların aldadılmasının qarşısı alınmışdır
Bakı, 23 aprel (AZƏRTAC). İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Abşeron rayonunun Mehdiabad qəsəbəsində fəaliyyət göstərən "Garadagh Strongcem" MMC-yə məxsus istehsalat sahəsində yoxlama aparmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan 300 və 400 markalı sementlərin istehsal edildiyi müəyyən olunmuşdur. Yoxlama zamanı bu sementlərin etiketində xalis çəkinin 50kq±2faiz və 40kq±2faiz göstərildiyi halda, faktiki çəkilərinin etiket göstəricisindən orta hesabla 2 kiloqram az olduğu aşkar edilmişdir.
Bundan əlavə, istehsalat sahəsində kisələrə qablaşdırılmış sementlərin çəkilməsi üçün müvafiq qaydada yoxlanılmamış və nişanlanmamış ölçü cihazlarından istifadə edildiyi müəyyənləşdirilmişdir.
Qeyd olunan qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən "Garadagh Strongcem" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.