SİYASƏT
İsveç Azərbaycanlılar Konqresi 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar İsveçin rəsmi şəxsləri ilə görüşlər keçirmişdir
Bakı, 21 yanvar (AZƏRTAC). İsveç Azərbaycanlılar Konqresinin nümayəndələri yanvarın 16-da, 17-də və 20-də İsveçin iri siyasi partiyalarının nümayəndələri, İsveç parlamentinin üzvləri, habelə hökumətin və Xarici İşlər Nazirliyinin nümayəndələri ilə rəsmi görüşlər keçirmişlər.
İsveç Azərbaycanlılar Konqresində AZƏRTAC-a bildirmişlər ki, bu tədbirlərin məqsədi isveçli siyasətçiləri və ictimai xadimləri 1990-cı il yanvarın 20-də Bakı şəhərində baş vermiş tarixi faciə ilə tanış etməkdir.
Keçirilmiş görüşlər zamanı 1990-cı ilin qanlı hadisələrinin reallıqlarından bəhs edən materiallar, kitablar və sənədlər təqdim olunmuşdur. Həmin gün SSRİ-nin o vaxtkı rəhbərliyinin, baş katib Qorbaçovun əmrinə əsasən Azərbaycan xalqının milli azadlıq hərəkatını yatırmaq məqsədilə Bakıya 35 minlik qoşun kontingenti yeridilmişdi.
İsveç parlamentinin üzvləri və hökumət dəftərxanasının nümayəndələri qeyd etmişlər ki, ölkənin siyasi strukturları 20 Yanvar faciəsi və sovet ordusunun Bakının mülki əhalisinə qarşı törətdiyi cinayətlər barəsində demək olar ki, heç nə bilmirdi.
Hökumət dəftərxanasının nümayəndələri qeyd etmişlər ki, Azərbaycanın müasir tarixində faciəli hadisələr barədə faktların yayılması üçün bu cür görüşlər keçirilməsi zəruridir.