DÜNYA
İsveçdə dəri xərçəngi xəstəliyinin diaqnostikası üçün yeni metod tətbiq etməyə başlamışlar
Stokholm, 9 iyul (AZƏRTAC). İsveçdə dəri xərçəngi xəstəliyinin diaqnostikası üçün yeni metod tətbiq etməyə başlamışlar.
AZƏRTAC xəbər verir ki, təhlükəli dəri törəmələrinin müəyyən edilməsi üçün “Nevisense” adlanan metod Solnadakı Karolina İnstitutunun alimləri tərəfindən işlənib hazırlanmışdır və ilk dəfə İsveçdə istifadə edilir. Yeni metodun mahiyyəti dəri törəmələrinin elektrik müqavimətinin ölçülməsindən ibarətdir. Bu metod xəstəliyin dəqiq diaqnozlaşdırılmasına, demək olar yüz faiz zəmanət verir.
Alimlər vurğulayırlar ki, xərçəng toxumaları dəridə qeyri-müntəzəm paylanmışdır. Buna görə də onların müqavimət səviyyəsi xoşxassəli törəmələrin müqavimətindən fərqlənir. Dəqiq diaqnoz qoyulması ehtimalı 97 faiz təşkil edir.
Alimlər ümid edirlər ki, yeni metod zəruri olmayan cərrahi müdaxilələrin sayını azaltmağa kömək edəcəkdir, çünki əvvəllər cərrahiyyə əməliyyatı ilə dəri törəməsinin müşahidəsini davam etdirmək arasında seçim vəziyyəti yarananda həkimlər əməliyyat aparılmasına üstünlük verirdilər.
Qeyd edək ki, İsveçdə hər il təxminən 40.000 sakinə “dəri xərçəngi” diaqnozu qoyulur.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm