DÜNYA
İsveçdə PKK tərəfdarı olan 4 nəfər saxlanılıb
Bakı, 31 iyul, AZƏRTAC
Şimali İraqda PKK hədəflərinə qarşı hava hücumuna etiraz etmək üçün Türkiyənin İsveçdəki səfirliyi qarşısında mitinq keçirən PKK terror təşkilatını dəstəkləyən 4 nəfər saxlanılıb.
Stokholm Polis İdarəsinin polis rəisi Lars Byström bildirib ki, Türk səfirliyi qarşısında aksiya keçirən 4 nəfər polislərə və maşınlarına daşlarla hücum edib və səs bombası atıb. Təcavüzkarlar zərərsizləşdirilərək həbs olunub və sorğu-sual olunmaq üçün polis mərkəzinə aparılıb. L.Byströmun sözlərinə görə təcavüz nəticəsində polisə maddi ziyan dəyib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, digər tərəfdən, iyulun 30-da günortadan sonra 150 nəfərlik PKK tərəfdarı olan bir qrup, İsveçin paytaxtı Stokholmdakı Türk səfirliyinin önündə terror təşkilatı PKK lehinə aksiya keçirərək, şüar səsləndiriblər.
Bu hadisədən sonra Türk bayraqları daşıyan mühacirlərin yaratdığı 50 nəfərlik qrup da Türk səfirliyinin qarşısında toplaşıb. İsveç polisinin geniş təhlükəsizlik tədbirləri gördüyü səfirlik qarşısında iki qrup arasında hər hansı bir münaqişə baş verməyib.