İsveçdə rəqs tədbirlərinə ƏDV azaldılır
Stokholm, 1 iyul, AZƏRTAC
İsveçdə iyulun 1-dən etibarən rəqs tədbirləri üçün əlavə dəyər vergisinin (ƏDV) 25 faizdən 6 faizə endirilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib. Güzəştli vergi dərəcəsi yalnız canlı musiqi ilə müşayiət olunan tədbirlərə deyil, həm də rəqs meydançaları olan gecə klublarına və diskotekalara şamil edilir.
AZƏRTAC xəbər verir ki, qərar sənaye nümayəndələrinin uzun illər davam edən tənqidlərindən sonra qəbul olunub. Onlar rəqs tədbirlərinin digər mədəni tədbirlərlə müqayisədə daha yüksək vergi dərəcəsi ilə vergiyə cəlb edilməsini ədalətsiz hesab ediblər.
Təşkilatçılar ƏDV-nin azaldılmasını alqışlasalar da, giriş biletlərinin qiymətlərinin, çox güman ki, dəyişməyəcəyi barədə xəbərdarlıq ediblər. Onların sözlərinə görə, əlavə vəsaitlər elektrik enerjisi, icarə, məkanın saxlanılması və icazələrin alınması kimi artan xərclərin qarşılanmasına yönəldiləcək.
Sənaye nümayəndələri ümid edirlər ki, vergi islahatı daha çox rəqs tədbirinin keçirilməsinə, mövsümün uzadılmasına və İsveçdə rəqs mədəniyyətinin daha da inkişafına şərait yaradacaq.
Bu il 30 illiyini qeyd edən “Ekebo” folklor festivalında İsveç mədəniyyət naziri Parisa Liljestrand da iştirak edəcək. Təşkilatçıların sözlərinə görə, ölkədə rəqs musiqisinə maraq yenidən artmaqdadır, yeni musiqi qrupları və tədbir təşkilatçıları meydana çıxır. 1970-ci illərdə İsveç rəqs orkestrlərinin pik populyarlığına qayıdış ehtimalı az olsa da, sənaye nümayəndələri bu musiqi janrının yeni formatda inkişafını davam etdirəcəyinə əmindirlər.