DÜNYA
İsveçrə ATƏT-ə sədrliyi dövründə dondurulmuş münaqişələri diqqət mərkəzində saxlayacaqdır
Vyana, 1 yanvar (AZƏRTAC). 2014-cü ildə ATƏT-ə sədrliyi dövründə İsveçrə transmilli təhdidlərə qarşı mübarizədə təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə, dondurulmuş münaqişələrlə bağlı tərəqqiyə nail olunmasına və gənclərlə bağlı yeni bir platformanın yaradılmasına çalışacaqdır.
Bu fikirləri rotasiya prinsipi üzrə ATƏT-ə sədrliyi qəbul edən İsveçrə Konfederasiyasının xarici işlər naziri, qurumun yeni sədri Didye Burkhalter bildirmişdir. İsveçrə sədrliyinin leytmotivinin “Hər kəsin mənafeyi üçün təhlükəsizlik birliyini yarat!“ olduğunu deyən D.Burkhalter ATƏT-in Avratlantik və Avrasiya məkanlarını birləşdirmək üçün bənzərsiz mövqeyə malik olduğunu vurğulamışdır.
Yeni sədr, həmçinin qeyd etmişdir ki, cari ildə təşkilatın coğrafi prioritetləri Qərbi Balkan və Cənubi Qafqaz regionları olacaqdır. Səfir Qerhard Stoudmann Qərbi Balkan, səfir Anqelo Gnedinqer Cənubi Qafqaz, Serbiyanın ATƏT yanında səfiri Rodoyko Boqoyeviç isə Dnestryanı bölgə üzrə ATƏT sədrinin xüsusi nümayəndələri təyin olunmuşdur.
Nazir İsveçrənin sədrlik dövrü üçün prioritetlərini yanvarın 16-da ATƏT-in Daimi Şurasının iclasında üzv dövlətlərin təmsilçilərinə təqdim edəcəkdir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana