REGİONLAR
İsveçrə Əməkdaşlıq Təşkilatının Azərbaycan üçün 2013-2016-cı illər üzrə əməkdaşlıq strategiyası müzakirə edilmişdir
Bakı, 4 oktyabr (AZƏRTAC). Kənd təsərrüfatı naziri İsmət Abbasov İsveçrə Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz üzrə regional direktoru Rudolf Şoxun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşün məqsədi İsveçrə Əməkdaşlıq Təşkilatının Azərbaycan üçün 2013-2016-cı illər üzrə əməkdaşlıq strategiyasının müzakirəsi olmuşdur.
Nazir İsmət Abbasov ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi inkişafın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində aqrar sahədə əldə olunan nailiyyətlər və dövlətin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğı haqqında məlumat vermişdir.
Bildirilmişdir ki, Azərbaycan ilə İsveçrə arasında aqrar-sənaye kompleksi istiqamətində əməkdaşlıq əlaqələri dinamik olaraq inkişaf edir. 2011-ci ildə İsveçrədən Azərbaycana 749 min 500 ABŞ dolları məbləğində əsasən emal edilmiş meyvə-tərəvəz və qoz-fındıq məhsulları, tütün, spirtli və spirtsiz içkilər, taxıl və digər müxtəlif ərzaq məhsulları idxal olunmuş, ölkəmizdən İsveçrəyə isə 308 min ABŞ dolları məbləğində əsasən meyvələr və qoz-fındıq, ət və balıqdan hazırlanmış məhsullar ixrac edilmişdir. 2012-ci ilin yanvar-iyun aylarında İsveçrədən ölkəmizə 356 min ABŞ dolları məbləğində əsasən emal edilmiş meyvə-tərəvəz və qoz-fındıq məhsulları, tütün və tütün əvəzediciləri, süd məhsulları və digər ərzaq məhsulları idxal olunmuşdur.
Vurğulanmışdır ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən 2007-2012-ci illərdə respublikamızda həyata keçirilmiş “Azərbaycan Respublikasının Ağdam rayonunun yeni salınmış qəsəbələrində məskunlaşmış məcburi köçkünlər və qaçqınlar üçün kəndin inkişafında potensialın artırılması” layihəsinin maliyyələşdirilməsində Azərbaycan hökuməti ilə yanaşı, İsveçrə hökuməti də iştirak etmişdir.
Diqqətə çatdırılmışdır ki, iki ölkə arasında heyvandarlıq məhsullarının qarşılıqlı ticarətini asanlaşdırmaq məqsədilə tərəflər arasında 8 adda baytarlıq sertifikatı nümunələri razılaşdırılmışdır.
Nazir İsmət Abbasov iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə bir sıra təkliflər irəli sürmüşdür.
Rudolf Şox öz növbəsində aqrar sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini diqqətə çatdırmışdır.