CƏMİYYƏT
İsveçrə portalında “Azərbaycan zəngin şahmat tarixinə malik ölkədir” sərlövhəli yazı yerləşdirilib
Bern, 17 oktyabr, AZƏRTAC
İsveçrənin www.zeitung.ch portalında “Azərbaycan zəngin şahmat tarixinə malik ölkədir” sərlövhəli yazı yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, məqalədə şahmatın Azərbaycanda əsrlərdən bəri qədim ənənələrə malik olduğu, ölkədə bu ənənələrin qorunaraq müasir dövrdə sevilən bir idman növü səviyyəsinədək inkişaf etdirildiyi qeyd edilir. Bildirilir ki, Azərbaycanın görkəmli şairləri Xaqani, Nizami və Fizulinin əsərlərində bu oyundan bəhs edilib, eləcə də məşhur ədib və mütəfəkkir Mirzə Fətəli Axundov əsərlərində şahmatın sirlərinə yiyələnməyin vacibliyini vurğulayıb. Eləcə də fransız yazıçısı Aleksandr Dümanın 1858-1859-cu illərdə Qafqaza səfəri zamanı Qarabağ xanının qızı, şairə Xurşidbanu Natəvanla şahmat oynaması diqqətə çatdırılıb.
Sonra qeyd edilir ki, bu oyunun Azərbaycanda geniş yayılmasını təmin etmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ildə “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın qəbul edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət proqramı ölkədə şahmatın kütləviliyinə dəstək olmaqla yanaşı, gənc istedadların yetişməsində müstəsna rol oynayıb. Ötən əsrin 50-ci illərindən başlayaraq Azərbaycanda inkişaf etməyə başlayan şahmat idman növü müxtəlif dərnəklərdə, şahmat məktəblərində, eləcə də idman klublarında tədris edilməyə başlayıb. Azərbaycan şahmatçıları beynəlxalq turnirlərdə mütəmadi olaraq uğurlu nəticələrə imza atırlar.
Məqalənin yekununda qeyd edilir ki, ötən həftələrdə Azərbaycan şahmat tarixində növbəti uğurlu hadisə baş verib. Ölkə şahmat məktəbinin yetirməsi, qrossmeyster Teymur Rəcəbov şahmat üzrə dünya kuboku yarışlarında (FIDE World Cup 2019) parlaq qələbə qazanıb. Çinli idmançı Dinq Liren üzərində qələbə çalan Azərbaycan şahmatçısı dünya kubokuna sahib olub. Bildirilib ki, Teymur Rəcəbovun adı beynəlxalq idman mətbuatında ilk dəfə 2003-cü ildə hələ 15 yaşında olarkən qrossmeyster Qari Kasparovu məğlub edərkən çəkilmişdi. Doqquz il sonra isə o, dünyanın ən güclü şahmatçılarının reytinqində 2793 xalla dördüncü yerə yüksələ bilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern