MƏDƏNİYYƏT
İsveçrədə Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib
Bakı, 1 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyinin təşkilati dəstəyi ilə bu ölkənin Bül (Bulle) şəhərində Qlion Ali Təhsil İnstitutunda təhsil alan tələbələrimiz ənənəvi keçirilən “Mədəniyyət yarmarkası”nda iştirak ediblər.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, çoxsaylı şəhər ictimaiyyətinin iştirak etdiyi yarmarkada 7 ölkənin, o cümlədən Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib.
Təqdimatda milli musiqi xəzinəmizdən nümunələr səsləndirilib, milli rəqslərimiz nümayiş olunub, Azərbaycanın turizm imkanları, o cümlədən adət-ənənələrimiz barədə qonaqlara ətraflı məlumat verilib. İştirakçılar, həmçinin milli mətbəximizlə də tanış olublar. “Mədəniyyət yarmarkası”na gələnlər Azərbaycana aid stenddə nümayiş olunan eksponatlara və məlumatlara böyük maraq göstəriblər.