SİYASƏT
İSVEÇRƏDƏ “XOCALIYA ƏDALƏT” BEYNƏLXALQ KAMPANİYASI ÇƏRÇİVƏSİNDƏ AKSİYA KEÇİRİLMİŞDİR
Bakı, 21 noyabr (AZƏRTAC). İslam Konfransı Təşkilatı Gənclər Forumunun media departamentindən bildirmişlər ki, noyabrın 19-20-də İsveçrənin Bazel və Sürix şəhərlərində “Xocalıya ədalət” kampaniyasına dəstək aksiyaları keçirilmişdir. Aksiyalar “İsveçrədə Azərbaycan mədəniyyəti günləri”nə həsr olunmuş konsertlər çərçivəsində təşkil edilmişdir.
Konsertlər ərəfəsində “Xocalıya ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyasının aksiyaları zamanı yerli könüllülər tərəfindən posterlər şəhərin mərkəzi küçələrində divarlara yapışdırılmış və kampaniya haqqında məlumat bukletləri küçələrdə paylanmışdır. Aksiyaya dəstək məqsədi ilə konsert zamanı “Xocalıya ədalət” kampaniyasının təbliğat xarakterli çap materialları (kampaniyanın loqosunu və veb-saytını əks etdirən döş nişanı, qolbaq və məlumatlandırıcı bukletlər) tamaşıçılara təqdim edilmişdir. Aksiyaya dəstək göstərən İsveçrənin tanınmış müğənnisi Greis ingilis və fransız dillərində “Xocalıya ədalət” yazısı əks olunan mayka ilə səhnəyə çıxmışdır. H.O.S.T qrupu öz çıxışını “Xocalıya ədalət” devizi ilə başlamışdır.
Konsert aksiya iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
“Xocalıya ədalət” kampaniyasına dəstək aksiyası 10 dekabr- Beynəlxalq İnsan Haqları Günü ilə əlaqədar BMT-nin Cenevrədəki mənzil-qərargahında keçiriləcək beynəlxalq konfransla davam edəcəkdir.
######