SİYASƏT
İsveçrənin nüfuzlu “Die Wochenzeitung” qəzetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məqalə dərc edilmişdir
Bakı, 12 mart (AZƏRTAC). İsveçrənin nüfuzlu “Die Wochenzeitung” qəzetində jurnalist Andre Vidmerin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqaləsi dərc olunmuşdur.
Azərbaycanın İsveçrədəki səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, məqalədə xüsusən qoşunların təmas xəttində yerləşən Füzuli rayonunun Alxanlı və Aşağı Əbdürrəhmanlı, eləcə də Tərtər rayonunun Həsənqaya kəndlərində hazırkı vəziyyət, kənd sakinlərinin gündəlik həyat tərzi, atəşkəs rejiminin daim pozulması nəticəsində əhalinin üzləşdiyi təhlükələr, Ermənistanın işğalçılıq siyasətinin fəsadları, infrastrukturun tamamilə dağıdılması, ərazilərin talan edilməsi barədə məlumat verilir.
Yazının “Düşmən nəzarətində olan rayon mərkəzləri” bölümündə Ermənistanın təcavüzkar siyasəti nəticəsində Füzuli rayonunun 62 yaşayış məntəqəsinin işğal edilməsi, rayon mərkəzinin hazırda düşmən tərəfindən nəzarət olunan ərazidə yerləşməsi faktı diqqətə çatdırılır. Cəbhə xəttində yerləşən Azərbaycanın kəndləri barədə yazan jurnalist burada 2011-ci ildə doğma evinin həyətində oynayan doqquz yaşlı Fariz Bədəlovun düşmən gülləsi ilə öldürüldüyünü xatırlatmışdır.
Məqalənin “Unudulmuş münaqişə” adlı digər bölümündə isə isveçrəli jurnalist qaçqın düşmüş insanların yaşadıqları anları və çəkdiyi əziyyəti məharətlə göstərmişdir. Yazının müəllifi, həmçinin ATƏT-in Minsk qrupunun vasitəçilik rolunun bu günədək heç bir nəticə vermədiyini, münaqişənin yenidən alovlanması ilə bağlı ekspertlərin ehtimallarını, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı yeddi rayonunun hələ də işğal altında saxlanılması faktını diqqətə çatdırmışdır.