DÜNYA
İtaliya hökuməti xüsusi karantin rejiminin müddətini uzatmaq niyyətində deyil
Roma, 24 fevral, AZƏRTAC
İtaliya hökuməti yeni növ koronavirus (COVID-19) epidemiyası ilə əlaqədar qüvvədə olan xüsusi karantin rejiminin müddətini uzatmaq niyyətində deyil.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Mario Draqi deyib.
O qeyd edib ki, hökumət martın 31-dək qüvvədə olan xüsusi karantin rejiminin müddətini sonrakı müddətə uzatmaq niyyətində deyil.
“Vaksinasiya kampaniyasının müvəffəqiyyəti sayəsində epidemiya ilə bağlı vəziyyət yaxşılaşır. Bu, vətəndaşlara və müəssisələrə tətbiq edilən məhdudiyyətləri aradan qaldırmaq üçün bizə imkan yaradır. Epidemiya risklərinə görə bölgələrin müxtəlif rənglərlə göstərilməsi tətbiqi martın 31-dən etibarən ləğv ediləcək. Məktəblər həmişə açıq qalacaq. Açıq havada maskadan istifadə, sinif otaqlarında FFP2 tipli maskadan istifadə tələbi ləğv olunacaq. Şou proqramlar, festivallar, idman tədbirləri, yarmarkalar kimi açıq havada təşkil edilən tədbirlərin keçirilməsinə başlanılacaq. “Super yaşıl keçid kartı” sertifikatının tətbiqi də tədricən başa çatacaq. Pandemiya ilə bağlı vəziyyəti diqqətlə izləməyə davam edəcəyik, yoluxma sayında kəskin artım olacağı təqdirdə müdaxilə etməyə hazırıq. Amma məqsədimiz hər şeyi mümkün qədər tez bir zamanda yenidən açmaqdır. Hökumətin niyyəti xüsusi karantin rejiminin müddətini martın 31-dən sonra uzatmaq deyil”, - deyə Baş nazir bildirib.
Xatırladaq ki, İtaliyada ilk dəfə 2020-ci il yanvarın 31-də tətbiq edilən xüsusi karantin rejiminin müddəti 7 dəfə uzadılıb və bu günə qədər fasiləsiz tətbiq olunub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma